Eşitmə cihazının sınaqdan keçirilməsi, eşitmə cihazlarının şəxsin rahatlığı üçün quraşdırılmasına və tənzimlənməsinə imkan verir.
Eşitmə cihazlarından istifadənin normal eşitmə ilə eyni olmadığını pasiyentə öncədən izah edin. Eşitmə cihazlarından istifadəyə uyğunlaşmaq üçün vaxt lazımdır.
Eşitmə cihazı sınağı aşağıdakıları əhatə edir:
- Eşitmə cihazlarının quraşdırılması
- Eşitmə cihazlarının tənzimlənməsi.
Avadanlıq
Eşitmə cihazlarını quraşdırmaq üçün sizə lazım olacaq:
- Batareyalı eşitmə cihazları
- Müxtəlif ölçülərdə qulaq qəlibləri
- Qulaq qəlibi boruları
- Qayçı
- Qələm
Tövsiyə
Eşitmə aparatlarının tətbiqi qaydalarını öyrənərkən əldə əlavə boru parçalarının olması işinizi asanlaşdıracaq.

Eşitmə cihazlarının quraşdırılması
Buraya qulaq qəlibinin və qulaq qəlib borusunun quraşdırılması daxildir.
Uyğun qulaq qəlibi
Qulaq qəlibləri müxtəlif ölçülərdə olur. Adətən kiçik, orta və böyük ölçülərdə olur.
Pasiyent üçün uyğun ölçülü qulaq qəlibini seçin:
- Qulaq qəlibi pasiyentin qulaq keçəcəyinə rahat şəkildə daxil olub-çıxırsa və diskomfort yaratmırsa, düzgün yerləşdirilmiş hesab olunur.
- Qulaq qəlibi qulaq keçəcəyinin içərisində boş hiss edilməməlidir.
Tövsiyə
Böyüklər adətən orta və ya böyük qulaq qəlibinə ehtiyac duyurlar.

Məşğələ
Müxtəlif ölçülü qulaq qəliblərini hazırlayın.
Qruplarla işləyərək qulaq qəlibinin düzgün ölçüsünü seçməyi və uyğunlaşdırmağı məşq edin:
- Qulaq qəlibinin rahat olduğunu yoxlayın. Əgər rahat deyilsə daha kiçik bir ölçü sınayın.
- Pasiyentdən ağzını açıb-bağlamasını xahiş edin. Bu zaman qulaq qəlibi qulaq keçəcəyindən bayıra çıxmamalıdır. Əgər qəlib yerindən çıxarsa, daha kiçik ölçünü yoxlayın.
- Qulaq qəlibinin qulaq keçəcəyindəki oturuşuna baxın. Qulaq keçəcəyində boşluq qalarsa, daha böyük ölçünü seçin.
Uyğun qulaq qəlibi borusu
Eşitmə aparatının tətbiqi zamanı qulaq qəlibi borusunun düzgün uzunluqda kəsilməsi mühüm şərtdir. Əks-əlaqənin (fit səsi/fısıltı) yaranmaması üçün borunu kəsməzdən əvvəl batareyanı mütləq cihazdan çıxarın.
Qulaq qəlibini taxmaq üçün:
- Bir əlinizlə qulaq seyvanını tutun
- Qulağın arxasını yuxarı və geri çəkərək qulaq keçəcəyini düzəldin
- Qulaq qəlibini baş və şəhadət barmağınızın arasında, traqus səviyyəsində saxlayın (boru yuxarıya yönəlməlidir)
- Qulaq qəlibini pasiyentin qulaq keçəcəyinə doğru yavaşca basın.
Təlimat
Qulaq qəlibi borusunun kəsilməsi və yerləşdirilməsi videosuna baxın.
Videonu aşağıda göstərilən hissələrin hər birində dayandırın:
- Qulaq qəlibinin borusunu eşitmə aparatının qulaq qarmağının üzərinə gətirin (üst-üstə qoyun)
- Borunun ucunun qulaq qarmağı ilə kəsişdiyi yeri qələmlə işarələyin və üzərinə 2-3 millimetr əlavə edin
- Kəsməzdən əvvəl eşitmə cihazını və qulaq qəlibini şəxsin qulağından çıxarın
Sual
Aşağıda göstərilən qulaqdakı eşitmə cihazının şəkillərinə baxın. Hansı düzgün quraşdırılıb?

Yanlış.
Boru çox qısadır. Eşitmə aparatı qulaq seyvanı üzərində yerləşmir.

Yanlış.
Boru çox uzundur. Bu səbəbdən eşitmə aparatı qulağın üzərində çox yuxarıda qalır.

Doğrudur!
Boru düzgün uzunluqdadır. Bu, eşitmə cihazının rahatlıqla pasiyentin qulağının üstündə dayanmasına imkan verir.
Qəlibi çıxararkən borudan deyil, hər zaman qulaq qəlibinin özündən tutmaq lazımdır.
Xəbərdarlıq
Pasiyentin dərisini kəsməmək üçün qulaq qəlibi borusunu kəsməzdən əvvəl cihazı qulaqdan çıxarmaq lazımdır.
İşarələnmiş borunu kəsin və qulaq qarmağına tərəf ehmalca sıxaraq yerləşdirin.
Xəbərdarlıq
Borunu qulaq qarmağına bərkidərkən burulmamasına diqqət edin. Borunun burulması ona zərər verə bilər, həmçinin səsi dəyişdirə və ya tamamilə bloklaya bilər.
Eşitmə cihazının uyğunluğu
Batareyasız eşitmə cihazı uyğunluğunu yoxlayın
Eşitmə cihazı aşağıdakı hallarda pasiyentin qulağına uyğun gəlir:
- Qulaq qəlibi qulaq keçəcəyinə tam rahat yerləşir
- Eşitmə cihazı qulaqda boşluq qalmayacaq şəkildə yerləşir
Boru düzgün oturmazsa, səs sıza bilər və əks-əlaqəyə (fit səsinə) səbəb ola bilər.

Eşitmə cihazlarının tənzimlənməsi
Lazım gələrsə, eşitmə cihazlarında düzəlişlər edin.
Hazırlaşın:
- Batareyanı daxil edin, lakin batareya bölməsinin qapağını tam bağlamayıb yarıaçıq vəziyyətdə saxlayın.
- Qulaq qəlibini pasiyentin qulağına yerləşdirin və hər qulağa bir eşitmə cihazı taxın.
Pasiyentin səsinizi aydın eşidə bildiyindən əmin olun
- Eşitmə cihazlarını yandırın və pasiyent səsinizi aydın eşidənə qədər tənzimləyin
- Pasiyentdən 1.5 metr məsafədə dayanın, normal səs tonunuzla və aydın şəkildə danışın
- Pasiyentdən səsinizin onun üçün çox uca və ya çox alçaq olub-olmadığını soruşun.
- Rahat səs səviyyəsini müəyyənləşdirənə qədər, ehtiyac olduqca səs ucalığını tənzimləyin
- Səsinizin aydın olub-olmadığını pasiyentdən soruşun
- Səsiniz aydın deyilsə, eşitmə cihazlarında tənzimləmələrə ehtiyac ola bilər
Əks-səda olub-olmadığını yoxlayın
Açıq əlinizi pasiyentin qulağındakı eşitmə aparatından 5-10 santimetr məsafədə tutun. Bu zaman heç bir əks-səda (fit səsi) gəlməməlidir.

Təlimat
Əgər əks-səda varsa, aradan qaldırmaq üçün problem həlli cədvəlinə baxın.
Əgər bu tədbirlər problemi həll etmirsə, eşitmə cihazı proqramına edilən düzəlişləri mentorunuzla müzakirə edin.
Pasiyent üçün nə dərəcədə faydalı olduğunu öyrənin
Eşitmə cihazının səsindən razı olub-olmadığını anlamaq üçün pasiyentə suallar verin.
Bu kimi suallar verin:
- Necə səslənir?
- Səs səviyyəsindən razısınızmı?
Hər bir eşitmə cihazının səs səviyyəsi barədə soruşun.
Əgər şəxs əvvəlcədən proqramlaşdırılmış eşitmə cihazı sınağından məmnun deyilsə, mentorunuzla müzakirə edin. Lazım gələrsə, qulaq və eşitmə mütəxəssisinə yönləndirin.
Məşğələ
Qruplarla işləyərək aşağıdakı ləvazimatları toplayın:
- Qulaq qarmağı üçün eşitmə cihazı
- Uyğun ölçülü qulaq qəlibi
- 5 santimetr uzunluğunda boru hissələri
- Qayçı
- Qələm
1. Qulaq qəlibindən borunu çıxarın və yerinə sınaq borusu qoyun
2. Borunu lazımi uzunluğa kəsin
3. Eşitmə cihazının uyğunluğunu yoxlayın:
- Qulaq qəlibi pasiyent ağzını açıb-bağlayanda rahatdırmı və yerində qalırmı?
- Eşitmə cihazı qulaqların üstündə rahat şəkildə dayanırmı?
4. Quraşdırıldıqdan sonra yoxlama:
- Pasiyent səsinizi aydın eşidə bilirmi
- Hər hansı əks-səda (fit səsi/fısıltı) varmı