Bəzi hərəkət etməyə köməkçi məhsullar ixtisaslaşdırılmış təlim və avadanlıqlarla birgə xidmətlərlə təmin olunmalıdır. Bu məhsullar TAP-a daxil deyil.
TAP-a daxil olmayan hərəkət etməyə köməkçi məhsulların ümumi növləri haqqında məlumat almaq üçün aşağıdakı bölmələri oxuyun.
Bu məhsulların bir qisminin təmin edilməsi ilə bağlı təlim kursları və resurslar haqqında məlumatı bu modulun sonunda tapmaq olar.
Əlil arabaları
Əlil arabaları yeriyə bilməyən və ya yeriməkdə çox çətinlik çəkən şəxs üçün təkərli hərəkət və oturma dəstəyini təmin edir.
Müxtəlif növ əlil arabaları müxtəlif insanların ehtiyaclarına uyğun gəlir.
Əlil arabaları həmişə yastıqla təmin olunmalıdır.

Əlil arabaları və onların təmin edilməsi üsulları barədə daha ətraflı məlumat almaq üçün ÜST-nin Əlil Arabası Xidmətinin Təlim Paketinə istinad edin.
Alt ekstremitələr üçün protezlər
Alt ekstremitələr üçün protezlər şəxsin qılçasının və ya ayağının itirilmiş hissəsini əvəz edir.
Hər bir şəxsə müvafiq protezçi tərəfindən həmişə uyğun protez hazırlanılmalıdır.
Hər kəs protezdən istifadə edə bilmir. Protezdən istifadə edib-edə bilməyəcəklərini müəyyən etmək üçün protezçi hər bir şəxs ilə işləməlidir.

Protezdən istifadə edən şəxslər çox vaxt hərəkət etməyə köməkçi məhsulların digər növlərindən də istifadə edirlər.


Asifi xatırlayırsınız?
Asifin qılçasının dizdən aşağı hissəsi amputasiya olunub. O, yerimək üçün dizdən aşağı protezdən, müvazinətini artırmaq üçün isə iki əl ağacından istifadə edir.
Asif protezdən istifadə etməyəndə dirsəkaltı ağaclar ilə hərəkət edir.
Alt ekstremitələr üçün ortopedik cihazlar
Alt ekstremitələr üçün ortez — şəxsin ayağını və ya qılçasını dəstəkləyən korset və ya splint. O, ağrını azaltmağa, hərəkət etməyə və ya arzu olunmayan hərəkəti dayandırmağa kömək edir.
Müxtəlif insanların ehtiyaclarına uyğun olan müxtəlif növ alt ekstremitələr üçün ortopedik cihazlar olur. Reabilitasiya və ya protez-ortopedik xidmət vasitəsilə ortezlər təmin edilir.


Yeriməyə yardımçı (çərçivəli) vasitələr
Yeriməyə yardımçı çərçivələr serebral iflic olan uşaqlara yeriməyə dəstək olur. Onlar çox vaxt ayaq biləyi ortezləri kimi digər köməkçi məhsullarla da istifadə olunur.

Aleişanı xatırlayırsınız?
Aleişa serebral iflic xəstəsidir və o, hərəkətlərini koordinasiya etməkdə və idarə etməkdə çətinlik çəkir. O, yeriməyə kömək etmək üçün yeriməyə yardımçı (çərçivəli) vasitədən və ayaq biləyi ortezindən istifadə edir.
Dayanmağa yardımçı çərçivələr və uzanmağa yardımçı dəstəklər
Dayanmağa yardımçı çərçivələr və uzanmağa yardımçı dəstəklər yardım olmadan uzanmaqda və təhlükəsiz şəkildə ayaqda durmaqda çətinlik çəkən uşaqlarda və böyüklərdə sağlamlıq fəsadlarının qarşısını almağa kömək edir


Dayanmağa yardımçı çərçivələr və uzanmağa yardımçı dəstəklər adətən bir şəxsin ümumi reabilitasiya müalicəsinin bir hissəsi kimi təmin edilir.